İmmunitet sistemi orqanizmin viruslara, bakteriyalara və digər patogenlərə qarşı hər gün mübarizə aparan mürəkkəb müdafiə mexanizmidir. İmmunitet düzgün işlədikdə insanlar daha az xəstələnir, yoluxma baş verdikdə isə daha tez sağalırlar. Mütəxəssislər bildirir ki, orqanizmin müdafiə gücünü müxtəlif üsullarla dəstəkləmək mümkündür və onlardan biri də qida rasionuna müəyyən otlar və ədviyyatlar əlavə etməkdir.
Bir çox bitki iltihabəleyhinə, antimikrob və antioksidant xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlər infeksiyalarla mübarizədə orqanizmə kömək edə bilər. Tədqiqatçılar immunitetin təbii şəkildə möhkəmlənməsinə töhfə verən səkkiz ot və ədviyyatı sadalayıblar.
Qara sambuc (Buzina)
Qara sambucun tünd-bənövşəyi giləmeyvələri antioksidantlar və iltihabəleyhinə maddələrlə zəngindir. Araşdırmalar göstərir ki, sambuc əlavələrinin qəbulu soyuqdəymənin müddətini qısalda, boğaz ağrısı, öskürək və burun axıntısı kimi əlamətləri yüngülləşdirə bilər. Sambuc kapsul, pastil, ekstrakt və ya çay şəklində istifadə olunur.
Exinaseya
Exinaseya (bənövşəyi rudbekiya) tanınmış adaptogen və immunitet stimulyatorudur. Bitki iltihabəleyhinə və antibakterial təsir göstərir, virus infeksiyalarına qarşı orqanizmin müqavimətini artıra bilər. Bəzi tədqiqatlar exinaseyanın soyuqdəymənin müddətini azaltdığını göstərsə də, nəticələr hələ tam yekdil deyil.
Sarımsaq
Sarımsaq xırdalandıqda antimikrob və antioksidant xüsusiyyətlərə malik allisin maddəsi ifraz edir. Heyvanlar üzərində aparılan tədqiqatlar və azsaylı insan sınaqları sarımsağın tənəffüs yolu infeksiyalarının tezliyini azalda və iltihabı zəiflədə biləcəyini göstərib.
Zərdəçal
Zərdəçala sarı rəng verən kurkumin güclü antioksidant, iltihabəleyhinə və antibakterial təsirə malikdir. Bu xüsusiyyətlərinə görə zərdəçal infeksion və autoimmun xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə oluna bilər.
Zəncəfil
Zəncəfilin tərkibində olan gingerol maddəsi antioksidant və iltihabəleyhinə təsir göstərir. Bu səbəbdən zəncəfil ağrını və tənəffüs yolu infeksiyalarının əlamətlərini yüngülləşdirə bilər. O, əlavə, çay və ya şəkərlənmiş halda qəbul edilə bilər.
Darçın
Məşhur ədviyyat olan darçın antioksidantlarla zəngindir və antimikrob xüsusiyyətlərə malikdir. Darçın respirator virus xəstəliklərində sağalmanı sürətləndirə, salmonella kimi bəzi bakteriyaların çoxalmasını ləngidə bilər.
Nanə
Nanə flavonoidlərlə zəngindir və tərkibində mentol var. Mentol boğaz ağrısını azaldır, burun tutulmasını yüngülləşdirir. Nanənin iltihabəleyhinə və antimikrob komponentləri soyuqdəymə zamanı sağalmanı sürətləndirir, mentol isə müvəqqəti olaraq öskürəyi sakitləşdirir və nəfəs almanı rahatlaşdırır.
Paprika
Şirin qırmızı bibər tozu A, E və C vitaminləri ilə zəngindir. Bu vitaminlər güclü antioksidantlar hesab olunur və infeksiyalarla mübarizədə orqanizmə dəstək verir. C vitamini soyuqdəymənin müddətinin qısalması ilə əlaqələndirilir, A və E vitaminləri isə immun sisteminin fəaliyyətini dəstəkləyir.
Mütəxəssislər qeyd edirlər ki, bu ot və ədviyyatları qida rasionuna daxil etmək çətin deyil: onları yeməklərdə istifadə etmək, çay kimi dəmləmək və ya qida əlavəsi şəklində qəbul etmək olar. Bununla yanaşı vurğulanır ki, otlar və ədviyyatlar sağlam həyat tərzinə yalnız əlavədir və soyuqdəymə xəstəliklərinin profilaktikası və müalicəsini tam əvəz etmir. Soyuq mövsümdə əlləri tez-tez yumaq, insan sıxlığı olan yerlərdən uzaq durmaq və ya ağız-burnu maska ilə qorumaq tövsiyə olunur.
Qeyd edək ki, bundan əvvəl alimlər C vitamininin maksimum fayda verməsi üçün necə qəbul edilməli olduğunu da izah ediblər.
Mənbə: mail.ru
