Cənubi Koreyanın KAIST Universitetinin alimləri qanaxmanı təxminən bir saniyə ərzində dayandıra bilən yeni nəsil sprey toz hemostatik hazırlayıb. Bu texnologiya xüsusilə döyüş meydanlarında və fövqəladə hallarda sağ qalma şansını əhəmiyyətli dərəcədə artıra bilər.
Araşdırmaçılar bildirir ki, toz yara üzərinə püskürdükdə dərhal hidrojel baryer formalaşdırır və qanaxmanı demək olar ki, anında dayandırır. Məhsul sərt şəraitlər – müharibə zonaları və fəlakət bölgələri üçün nəzərdə tutulub və yüksək temperatur və rütubətdə belə sabitliyini qoruyur.
Mövcud yama tipli hemostatik vasitələr dərin və qeyri-bərabər yaralarda effektiv olmur. Yeni hazırlanmış toz isə müxtəlif forma və ölçülü yaralara asanlıqla tətbiq edilə bilir. “AGCL tozu” adlanan bu maddə kalsium ionları ilə reaksiyaya girərək bir saniyə ərzində jel halına düşür və yaranı möhürləyir.
Tədqiqat nəticələrinə görə, toz öz çəkisindən 7 dəfədən çox maye uda bilir, güclü yapışma qabiliyyətinə malikdir və ağır qanaxmalarda belə effektivdir. Tamamilə təbii tərkibli material yüksək antibakterial təsir göstərir və toxumaların bərpasını sürətləndirir.
Heyvanlar üzərində aparılan sınaqlarda qan itkisi və qanaxmanın dayanma müddətinin mövcud kommersiya vasitələrindən xeyli az olduğu, iki həftə ərzində orqan funksiyalarının normallaşdığı müşahidə edilib.
Əvvəlcə müdafiə sənayesi üçün nəzərdə tutulan bu texnologiyanın gələcəkdə mülki səhiyyədə, fəlakət zonalarında və tibbi imkanların məhdud olduğu bölgələrdə geniş istifadə olunacağı gözlənilir.
Mənbə: Trthaber.com
