Hollanda Şəxsi Məlumatların Qorunması Agentliyi (AP) ölkədəki məscidlər və Müslümanlar haqqında şəxsi məlumatları gizli və qanunsuz yollarla toplayan 10 bələdiyyəyə ümumilikdə 250 min avro cərimə kəsildiyini açıqlayıb.
AP-dən verilən açıqlamada cərimə olunan bələdiyyələr arasında Delft, Ede, Eindhoven, Gooise Meren, Haarlemmermeer, Hilversum, Huizen, Tilburg, Veenendaal və Zoetermeer olduğu bildirilib. Bələdiyyələrin ölkədəki Müslüman təşkilatlar və şəxslərlə bağlı dini inanclar, məzhəb və şəxsi əlaqələr kimi həssas məlumatları onların xəbəri olmadan topladığı vurğulanıb.
Açıqlamada qeyd olunub ki, bəzi bələdiyyələr əldə etdikləri məlumatları polis, Milli Terrorla Mübarizə və Təhlükəsizlik Koordinasiya Mərkəzi (NCTV) və Sosial İşlər və Əmək Nazirliyi ilə bölüşüb. Bu tədbirlərin əsasən Müslüman köklü şəxsləri hədəf alması səbəbindən ayrı-seçkilik xarakteri daşıdığı bildirilib.
AP rəhbəri Aleid Wolfsen açıqlamasında bildirib ki, Müslümanlara qarşı aparılan gizli araşdırmaların hüquqi əsası yoxdur: “Hesabatlarda insanların dini inancları və ailəsinə dair həssas məlumatlar yer alıb. Bələdiyyələrin bu məlumatları toplamaq və işləmək üçün heç bir qanuni əsasları yox idi. Şəxslərin məxfiliyi ciddi şəkildə pozulub”.
AP-nin araşdırmasına görə, 2010-cu illərdə radikallaşma və terrorla mübarizə səbəbi ilə bəzı bələdiyyələr NCTV-nin tövsiyələri əsasında xüsusi araşdırma şirkətləri ilə işləyərək Müslümanlar haqqında “təhlil hesabatları” və “tez yoxlamalar” hazırlayıb. Hesabatlarda məscidlərə edilən ziyarətlər, dini icma üzvləri, məscid rəhbərləri və din xadimləri haqqında ətraflı məlumatlar, ailə və şəxsi əlaqələr qeyd olunub.
AP bələdiyyələrə həmçinin bu şəxsi məlumatların başqa məqsədlər üçün işlənməsini qadağan edən “məlumat emalı qadağası” tətbiq edib. Bələdiyyələr cərimələri qəbul etdiklərini və Müslüman icmaları ilə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmağa başladığını açıqlayıb.
Mənbə: Trt.haber
