Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” paneli və Prezident İlham Əliyevin “France 24” telekanalına müsahibəsi ilə bağlı sosial media hesabında paylaşım edib.
Deputat bildirib ki, Azərbaycan regionda sülh gündəliyinə töhfə verən və əməkdaşlıq və inkişafı dəstəkləyən dövlətdir.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə rəsmi statistikada xarici ticarət əlaqəsində Ermənistana da yer verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 788,8 min dollar olub ki, bunun böyük hissəsi Azərbaycandan Ermənistana benzin ixracatıdır. Ekspert vurğulayıb ki, bu məbləğ müsbət saldoya malikdir və gələcəkdə ticarət əlaqələrinin genişlənməsi üçün baza rolunu oynayır.
İqtisadçı ekspert əlavə edib ki, Azərbaycan-Ermənistan iqtisadi əməkdaşlığının davamlılığı, regionda sülh və iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıyır və bu əməkdaşlığın genişlənməsi strateji baxımdan vacibdir.

