ABŞ-ın Macarıstan və Slovakiya hökumətləri ilə nüvə enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlər imzaladığı və bununla regiondakı təhlükəsizlik maraqlarını gücləndirməyi hədəflədiyi açıqlanıb.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, 15-16 fevral tarixlərində Slovakiya və Macarıstana rəsmi səfər edən ABŞ dövlət katibi Marko Rubionun görüşləri çərçivəsində bu razılaşmalar əldə olunub.
Açıqlamada bildirilib ki, ABŞ nüvə enerji texnologiyalarından istifadə etməklə Mərkəzi Avropada yeni nüvə elektrik stansiyalarının inşası və regionun təhlükəsizlik maraqlarının möhkəmləndirilməsi istiqamətində “konkret addımlar” atır.
Məlumatda qeyd olunub ki, bu təşəbbüslər regionun enerji təhlükəsizliyinin yaxşılaşdırılması, sənaye potensialının artırılması və süni intellekt kimi inkişaf edən texnologiyalar sahəsində rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədlərinə xidmət edir.
Slovakiya ilə ABŞ arasında imzalanan sazişin reaktor layihəsinin ilkin tikinti mərhələsinin başlanmasına yönəldiyi vurğulanıb. Macarıstanla imzalanan razılaşmanın isə iki ölkə arasında nüvə əməkdaşlığının genişlənməsinə şərait yaradacağı bildirilib.
Mənbə: TrtHaber
