Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində ölən və yaralananlar var. Odesa vilayətində iki nəfər həyatını itirib, üç nəfər yaralanıb. Paytaxt Kiyevdə isə yaşayış binasında yanğın baş verib, iki sakin xəsarət alıb.
Bugun.tv xəbər verir ki, Odesa vilayətinin qubernatoru Oleh Kiperin açıqlamasına görə, hücum zamanı avtomobillər, fərdi yaşayış evləri və sənaye obyektləri zərər görüb. Yaralananlar arasında bir uşaq da var.
Kiyev şəhərinin meri Vitali Kliçkonun bildirdiyinə görə, paytaxta edilən pilotsuz uçuş aparatı hücumu nəticəsində 16 mərtəbəli yaşayış binasının aşağı iki mərtəbəsində yanğın baş verib. Hadisə zamanı iki sakin xəsarət alıb və onlara hadisə yerində tibbi yardım göstərilib.
Reuters agentliyi hücumlarla bağlı məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib. Rusiya və Ukrayna mülki şəxsləri qəsdən hədəfə aldıqlarını inkar edirlər.
Mənbə: Reuters
