Bugun.tv xəbər verir ki, bu gün 26 fevral tarixində Azərbaycanda Xocalı soyqırımının ildönümü qeyd olunur.
1992-ci ilin 26 fevral gecəsi Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı ağır və amansız qətliam törədilib.
Hadisə zamanı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə şəhər tam mühasirəyə alınıb. Şəhərdən çıxmağa çalışan mülki şəxslər atəşə tutulub. Rəsmi məlumatlara əsasən, 613 nəfər qətlə yetirilib. Onların arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, yüzlərlə insan yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə uzun müddət naməlum qalıb.
Xocalı faciəsi Azərbaycanın müasir tarixinin ən ağır və faciəli səhifələrindən biri kimi qiymətləndirilir.
Bu hadisə bir çox ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı və insanlığa qarşı cinayət kimi tanınıb.
Prezident İlham Əliyevin səyi nəticəsində ilə Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl diplomatik fəaliyyətlər həyata keçirilib və bir sıra ölkələrin parlamentləri tərəfindən faciəyə siyasi-hüquqi qiymət verilməsi təmin olunub.
Eyni zamanda dövlət başçısının dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial abidələr və xatirə kompleksləri yaradılıb, Bakıda və digər bölgələrdə anım məkanları yenidən qurulub.
Hər il 26 fevral tarixində ölkə daxilində və xaricdə geniş anım mərasimləri keçirilir və dövlət səviyyəsində faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər təşkil olunur.
Bununla yanaşı, təhsil müəssisələrində və gənclər təşkilatlarında Xocalı soyqırımı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilir və onun unudulmaması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
Azərbaycan dövləti və xalqı hər il 26 fevral tarixində Xocalı qurbanlarının xatirəsini dərin hüznlə yad edir. Ölkənin müxtəlif bölgələrində anım mərasimləri keçirilir, şəhidlərin xatirəsinə ehtiram göstərilir. Paytaxt Bakıda yerləşən Xocalı soyqırımı abidəsi önünə minlərlə insan axın edərək faciə qurbanlarını anır.
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixdə qalır. Bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcu hesab olunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

