Digər

“ABŞ-ın atəşkəsə getməsi İranın qələbəsi kimi təqdim oluna bilər”

Dünya Siyasəti

Milli Cəbhə Partiyasının sədr müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında yaranmış gərgin vəziyyətlə bağlı fikirlərini bölüşüb. O, bu barədə öz sosial media hesabında paylaşım edib.

Ekspertin sözlərinə görə, mövcud şəraitdə ABŞ-ın atəşkəsə getməsi İranın üstünlük qazanması kimi qiymətləndirilə bilər. Onun fikrincə, bu addım İran tərəfindən qələbə kimi təqdim olunacaq.

Əsədullazadə bildirib ki, ABŞ İran ətrafında yerləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 kilometr məsafəyə qədər geri çəkib. Eyni zamanda Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarının İranın intensiv hücumlarına məruz qaldığını qeyd edib. Bununla yanaşı, ABŞ və İsrail İran ərazisini yüz kilometrlərlə uzaq məsafədən zərbələrlə hədəf almağa davam edir.

Siyasi ekspert diqqətə çatdırıb ki, Yəməndə husiləri devirmək məqsədilə Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmişdi. Həmin dövrdə ABŞ və İsrail aviasiyası da havadan zərbələr endirirdi. Buna baxmayaraq, Yəməndə husilərin hakimiyyətdən uzaqlaşdırılması mümkün olmadı.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu əməliyyatlar zamanı yüzlərlə canlı qüvvə və xeyli hərbi texnika itirərək faktiki olaraq geri çəkilmək məcburiyyətində qalıb.

Əsədullazadə qeyd edib ki, hazırda İran uzunmüddətli müdafiə strategiyasına keçib. O bildirib ki, ölkə daxilində əhalinin bir hissəsi artıq meydanlara çıxaraq yeni ali dini rəhbərə dəstək nümayiş etdirir.

Siyasi ekspert hesab edir ki, əgər ABŞ və İsrail hərbi əməliyyatları dayandırarsa, İran bunu şübhəsiz qələbə kimi təqdim edəcək. Bu isə İranın regionda əsas güc mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxara bilər.

Onun fikrincə, belə bir ssenari ABŞ-ın beynəlxalq mövqelərinə ciddi zərbə vura, eyni zamanda İsrailin təhlükəsizliyini də sual altına qoya bilər. Bu baxımdan ABŞ və İsrailin hərbi əməliyyatları dayandırması regionda yeni və təhlükəli vəziyyət yarada, ABŞ üçün isə hərbi-siyasi fiasko ilə nəticələnə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Niyə soyuqda insanın burnu qızarır, barmaqları isə göyərir?

Aynur Camal

Trump: Avstraliyaya çağırış – İran Qadın Milli Futbol Komandasına sığınacaq verin

Aynur Camal

Qlazqo Mərkəzi dəmiryol stansiyasında yanğın: Tarixi bina çökdü, stansiya bağlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu