Səhiyyə

“Lazımsız” sayılan orqan xərçəng və ürək xəstəlikləri riskini azalda bilər

Alimlər müəyyən ediblər ki, uzun müddət funksiyasını itirmiş hesab edilən timus vəzi (vilocqavı vəzi) əslində xərçəng və ürək-damar xəstəliklərinə qarşı mühüm qoruyucu rol oynaya bilər.

ABŞ-ın Boston şəhərində yerləşən Massachusetts General Hospital alimlərinin apardığı araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.

Məlumata görə, timus döş sümüyünün arxasında yerləşən kiçik orqandır və immun sisteminin formalaşmasında iştirak edir. Burada virusları və xərçəng hüceyrələrini məhv edən T-hüceyrələri yetişir. Uzun illər bu orqanın yetkin yaşlarda demək olar ki, fəaliyyət göstərmədiyi düşünülürdü.

Lakin yeni tədqiqat bu fikri dəyişib. Alimlər 27 mindən çox tibbi görüntünü analiz edərək timusun ölçüsünü və strukturunu qiymətləndiriblər.

Nəticələr göstərib ki, timusu daha sağlam olan şəxslərdə:

  • vaxtından əvvəl ölüm riski təxminən 50% azdır;
  • ürək-damar xəstəliklərindən ölüm riski 63% aşağıdır;
  • ağciyər xərçəngi riski isə 36% azalır.

Əlavə araşdırmada isə onkoloji xəstəliklərə görə immunoterapiya alan təxminən 1200 pasiyentin məlumatları təhlil olunub. Məlum olub ki, timusu yaxşı fəaliyyət göstərən şəxslərdə xəstəliyin ağırlaşma riski 37%, ölüm ehtimalı isə 44% daha aşağıdır.

Tədqiqatçılar həmçinin timusun zəifləməsinə səbəb olan əsas amilləri də açıqlayıblar. Bunlara siqaret çəkmək, artıq çəki və orqanizmdə xroniki iltihablar daxildir.

Alimlərin fikrincə, uzun illər qiymətləndirilməyən bu orqanın daha dəqiq öyrənilməsi gələcəkdə xəstəlik risklərinin proqnozlaşdırılmasına və müalicə üsullarının seçilməsinə kömək edə bilər. Bununla belə, nəticələrin təsdiqi üçün əlavə tədqiqatlara ehtiyac olduğu vurğulanır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qan təzyiqini ölçərkən tez-tez edilən səhvlər və timusun insan sağlamlığındakı rolu

Aynur Camal

Kərə yağı niyə saralır: bu normaldır, yoxsa saxlama səhvi?

Aynur Camal

Həkim Ulanqina: Saunalarda müntəzəm vaxt keçirməyin orqanizmə ziyanı çoxdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu