Yapon alimləri bağırsaq iltihabına qarşı potensial təsirə malik yeni təbii maddə müəyyən ediblər. Araşdırmaya görə, qara biyan kökündə olan qlitsirrizin maddəsi iltihabi bağırsaq xəstəliklərinin, o cümlədən Kron xəstəliyinin müalicəsində perspektivli hesab olunur.
Tədqiqat Tokio Universiteti alimləri tərəfindən aparılıb. Onlar kök hüceyrələrdən istifadə edərək insan bağırsağının modelini yaradıblar və iltihabı simulyasiya etmək üçün hüceyrələri xüsusi zülalın təsirinə məruz qoyublar. Nəticədə müəyyən edilib ki, qlitsirrizin bağırsaq hüceyrələrinin məhvinin qarşısını əhəmiyyətli dərəcədə alır və iltihabı azaldır. Bu təsir həm laboratoriya şəraitində, həm də siçanlar üzərində aparılan təcrübələrdə təsdiqlənib.
Alimlər qeyd edirlər ki, bu maddə iltihabi bağırsaq xəstəliklərinin müalicəsi üçün yeni istiqamət aça bilər. Bununla belə, onun insanlarda effektivliyi və mümkün yan təsirləri ilə bağlı əlavə klinik tədqiqatlara ehtiyac var.
Mütəxəssislər bildirir ki, qara biyanın həddindən artıq istifadəsi bəzi hallarda qan təzyiqinin artmasına və elektrolit balansının pozulmasına səbəb ola bilər.
Araşdırmanın nəticələri Stem Cell Reports jurnalında dərc olunub.
Mənbə: mail.ru
