Yoqa təlimçisi İlhamə Şirinova Bugun.tv- yə müsahibəsində bildirib ki, keçiriləcək 11-ci Yoqa Festivalı insanların həm fiziki, həm də psixoloji rahatlıq tapmasına yönəlib.
Onun sözlərinə görə, “Sevgi və Sülh” şüarı ilə təşkil olunan festival şəhərin səs-küyündən uzaq, təbiət qoynunda iştirakçılara daxili aləmlərinə fokuslanmaq imkanı yaradacaq. Tədbir Qusar şəhərində yerləşən Qusar Olimpiya Mərkəzində baş tutacaq.
İlhamə Şirinova qeyd edib ki, festival yalnız fiziki məşqlərlə məhdudlaşmır: “Bu, bədən, nəfəs və diqqətin harmoniyaya gəldiyi bütöv bir prosesdir. Məqsəd gərginliyi azaltmaq, hərəkətliliyi bərpa etmək və daxili sakitliyi tapmaqdır”.
Festival proqramına müxtəlif yoqa və meditasiya istiqamətləri daxildir. Tədbir çərçivəsində hatha yoqa, nəfəs texnikaları, neyrogimnastika, enerqopraktika, çiqun və digər sessiyalar keçiriləcək. Gün ərzində iştirakçılar həm praktiki məşğələlərdə, həm də sual-cavab formatında təşkil olunacaq satsanqda iştirak edə biləcəklər.
Tədbir 25 aprel tarixində saat 10:00-dan 17:00-dək davam edəcək. Bakıdan gələn iştirakçılar üçün xüsusi nəqliyyat da təşkil olunacaq.
İlhamə Şirinova əlavə edib ki, bu cür tədbirlər insanların gündəlik stressdən uzaqlaşaraq özləri ilə daha dərin əlaqə qurmasına şərait yaradır.

