ABŞ prezidenti Donald Trampın komandası 2026-cı il FIFA Dünya Kuboku ilə bağlı diqqətçəkən və mübahisəli təkliflə çıxış edib. Trampın xüsusi elçisi Paolo Zampolli bildirib ki, turnuvada İranın yerinə İtaliyanın iştirak etməsi daha məqsədəuyğun ola bilər.
Zampolli “Financial Times” nəşrinə müsahibəsində qeyd edib ki, bu təklif həm siyasi gərginliyi azaltmaq, həm də ABŞ-də yaşayan milyonlarla italyan mənşəli vətəndaşı sevindirmək məqsədi daşıyır. O, həmçinin İtaliyanın futbol tarixində dördqat dünya çempionu olduğunu xatırladaraq, belə bir komandanın turnuvada iştirakının əsaslı olacağını vurğulayıb.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku ABŞ, Meksika və Kanada tərəfindən birgə təşkil olunacaq və turnuvada 48 komanda iştirak edəcək. Buna baxmayaraq, İtaliya milli komandası seçmə mərhələdə uğursuz çıxış edərək turnuvaya vəsiqə qazana bilməyib. Komanda pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında 4:1 hesabı ilə məğlub olaraq ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.
Digər tərəfdən, İran millisi turnuvaya qatılmaq niyyətində olduğunu açıqlayıb. Tehran rəsmiləri yarışa hazır olduqlarını bildiriblər və yalnız bəzi təşkilati məsələlərlə bağlı FIFA-nın qərarını gözlədiklərini qeyd ediblər.
Məsələ ilə bağlı hələlik nə FIFA, nə də rəsmi qurumlar tərəfindən hər hansı qərar açıqlanmayıb.
Mənbə: Ensonhaber
