Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılıq əldə edib.
90 milyard avroluq kredit paketi
Antonio Costa bildirib ki, Ukraynada “ədalətli və davamlı sülh”ə nail olmaq üçün ölkənin gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması vacibdir. Bu məqsədlə 2026–2027-ci illəri əhatə edən 90 milyard avro həcmində kredit paketinin ayrılması təsdiqlənib.
Yeni sanksiyalar qəbul olunub
Ursula von der Leyen də üzv ölkələrin razılığını müsbət qiymətləndirərək bildirib ki, Aİ Ukraynaya dəstəyi artırmaqla yanaşı, Rusiyanın müharibə iqtisadiyyatına təzyiqi gücləndirir.
Eyni zamanda, Kaja Kallas qeyd edib ki, əvvəlki fikir ayrılıqları aradan qaldırılıb və yeni – 20-ci sanksiyalar paketinin qəbuluna yol açılıb.
Macarıstan amili aradan qalxdı
Məlumata görə, daha əvvəl Viktor Orban tərəfindən qoyulan veto səbəbindən proses dalana dirənmişdi. Lakin Budapeştdə baş verən siyasi dəyişiklikdən sonra bu maneə aradan qalxıb və qərar qəbul edilib.
Rusiyanın əsas sektorları hədəfdə
Yeni sanksiyalar paketinin Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarını əhatə edərək ölkənin hərbi imkanlarını məhdudlaşdırmağa yönəldiyi bildirilir.
Qeyd edək ki, Avropa İttifaqı 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Ukraynaya geniş maliyyə, hərbi və humanitar dəstək göstərir və Rusiyaya qarşı sanksiyaları mərhələli şəkildə sərtləşdirir.
Mənbə: TrtHaber
