Bugun.tv– xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələrin inkişafını şərh edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni arasında keçirilən görüşdə iki ölkə arasındakı ticarət münasibətlərinin genişləndirilməsi əsas mövzulardan biri olub.
Vüqar Bayramovun sözlərinə görə, hazırda Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsində əsas pay enerji məhsullarının üzərinə düşür. Bununla yanaşı, tərəflər arasında qeyri-neft sahəsində əməkdaşlığın gücləndirilməsi strateji prioritet kimi ön plana çıxır.
Deputat qeyd edib ki, Azərbaycan İtaliyadan əsasən dərman vasitələri, kosmetik məhsullar, qida sənayesi malları, kimya sənayesi məhsulları, məişət təyinatlı mallar, eləcə də kənd təsərrüfatı sahəsində istifadə olunan məhsullar idxal edir.
Onun fikrincə, bu mənzərə göstərir ki, İtaliya Azərbaycan üçün yalnız enerji tərəfdaşı deyil, eyni zamanda müxtəlif istehlak və sənaye məhsullarının mühüm təchizatçılarından biridir.
Vüqar Bayramov vurğulayıb ki, İtaliya hökumət başçısının Azerbaijana səfəri iqtisadi əlaqələrin yeni mərhələyə keçməsinə təkan verə bilər. Onun sözlərinə görə, xüsusilə qeyri-neft sənayesi, emal, kənd təsərrüfatı, əczaçılıq və istehlak bazarı istiqamətlərində əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli imkanlar yaranır.
