Bugun.tv– xəbər verir ki, Şəkidən çıxan idmançımız beynəlxalq kino səhnəsində də Azərbaycanı təmsil edir.
Belə ki, azərbaycanlı idmançı dünya şöhrətli aktyor və döyüş sənətləri ustası Ceki Çanla eyni ekran işində diqqət mərkəzinə düşüb.
Söhbət əslən Şəki şəhərindən olan Turqut İsmayılovdan gedir.
Qarışıq döyüş növləri üzrə dəfələrlə Dünya və Avropa çempionu olan İsmayılov idmandakı uğurları ilə yanaşı kino sahəsindəki fəaliyyəti ilə də fərqlənir.
Onun Ceki Çanla eyni layihədə iştirakı təsadüfi deyil. O, daha əvvəl Moskvada çəkilən “Время вперёд” sənədli filmində İngiltərə quru qoşunlarının komandanı, “Васнецова” detektiv serialında isə müstəntiq obrazını canlandırıb. Müxtəlif layihələrdə fərqli obrazlarla kamera qarşısına keçən İsmayılov bununla beynəlxalq ekran təcrübəsini də formalaşdırıb.
Maraqlı məqam ondan ibarətdir ki, idmançının həyat yolu yalnız idman və kino ilə məhdudlaşmır. Keçmiş polis əməkdaşı olan Turqut İsmayılov hazırda hüquqşünas kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyətinin fonunda isə idmanla məşğul olmağı davam etdirir.
Bir azərbaycanlının dünya səhnəsinə çıxışı
Ceki Çan kimi dünya kinosunun əfsanələrindən biri ilə eyni layihədə yer almaq, şübhəsiz ki, azərbaycanlı idmançı üçün də mühüm mərhələdir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, beynəlxalq layihədə iştirak edən şəxs yalnız aktyor deyil, həm də Dünya və Avropa çempionu, keçmiş polis əməkdaşıdı.
Bu isə Turqut İsmayılovun müxtəlif peşə və istiqamətlərdə qazandığı təcrübənin onu kino sahəsində də fərqləndirdiyini göstərir.
İsmayılovun kino fəaliyyətinin bununla yekunlaşmayacağı görünür. Arzu Jaeed tərəfindən hazırlanan “My Name is Yeter. Enough!” adlı tammetrajlı sənədli film layihəsi də onun adı ilə əlaqələndirilir. Layihənin Azərbaycanla yanaşı Türkiyə, Misir və Monteneqroda çəkilişlərinin planlaşdırıldığı və 2027-ci ildə tamamlanmasının nəzərdə tutulduğu barədə məlumat yayılıb.
Beləliklə, Şəkidən başlayan bir həyat yolu — idman, hüquq-mühafizə, hüquq və kino kimi bir-birindən fərqli sahələrdən keçərək beynəlxalq ekranlara qədər uzanır.
Azərbaycan bayrağını idman arenasında dəfələrlə yüksəldən Turqut İsmayılovun indi bunu beynəlxalq kino platformasında da davam etdirməsi diqqətəlayiq hadisədir.
Bir zamanlar tatamidə və rinqdə Azərbaycan üçün mübarizə aparan dünya çempionu bu dəfə kamera qarşısında beynəlxalq səhnəyə çıxır. Şəkidən dünya ekranlarına — Turqut İsmayılovun hekayəsi davam edir.

