Bugun.tv xəbər verir ki, deputat Vüqar Bayramov sosial media hesabında əlillik və peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı yeni qaydaları şərh edib.
O bildirib ki, Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydasını” təsdiqləyib, eyni zamanda “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib.
Deputatın sözlərinə görə, yeni sənədlə istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində zərər çəkmiş şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi mexanizmi dəqiqləşdirilib. Bununla yanaşı, xəstəlik və ya zədənin səbəb əlaqəsini təsdiq edən sənədlərin siyahısı konkretləşdirilib.
Vüqar Bayramov qeyd edib ki, yeni qaydalara əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi xüsusi düstur əsasında müəyyən ediləcək. Burada orqanizmin funksiyalarının pozulma faizi, peşə üzrə təzahür dərəcəsi və şəxsin yaşı nəzərə alınacaq.
Deputat əlavə edib ki, qərarların qəbul olunması müddətləri də daha konkret şəkildə müəyyənləşdirilib. Belə ki, komissiya qiymətləndirmənin aparıldığı gün, əlavə araşdırma tələb olunduqda isə ən geci 5 iş günü ərzində qərar qəbul etməlidir.
Bildirilib ki, kağız daşıyıcıda qəbul olunan qərar 3 iş günü ərzində vətəndaşa təqdim edilməli, eyni zamanda MEİS-in “Əlillik” altsisteminə daxil edilməlidir.
Vüqar Bayramov vurğulayıb ki, əlillik təyinatı sistemində elektronlaşdırmanın genişləndirilməsi və süni intellekt texnologiyalarından istifadənin artırılması prioritet istiqamətlərdən biri olaraq qalır.
