Bugun.tv xəbər verir ki, dünyada süni intellekt sahəsinə yatırımlar rekord həddə çatıb və bu istiqamətdə ABŞ ilə Çin arasında rəqabət daha da kəskinləşib.
Stanford Universitetinin araşdırmasına əsasən, qlobal süni intellekt yatırımları 2025-ci ildə əvvəlki illə müqayisədə 129,9 faiz artaraq 581,7 milyard dollara yüksəlib. Bu investisiyaların təxminən yarısı ABŞ şirkətləri tərəfindən həyata keçirilib.
Məlumata görə, süni intellekt texnologiyalarına tələbatın sürətlə artması şirkətləri çip, qrafik emal mərkəzləri, məlumat mərkəzləri və enerji infrastrukturu sahələrinə milyardlarla dollar yatırım etməyə sövq edib.
Nvidia, AMD, Microsoft, Google, Amazon və Huawei kimi texnologiya nəhənglərinin yatırımlarının enerji, yarımkeçirici və müdafiə sənayesinə ciddi təsir göstərdiyi bildirilir.
Araşdırmaya əsasən, 2013-2025-ci illər arasında özəl sektorun süni intellekt yatırımları ümumilikdə 757,3 milyard dollara çatıb. Təkcə 2025-ci ildə şirkətlər bu sahəyə 344,7 milyard dollar yatırım ediblər.
ABŞ şirkətləri ötən il 285,9 milyard dollarla lider olub. Çin şirkətlərinin yatırımı 12,4 milyard dollar, Böyük Britaniya şirkətlərinin yatırımı isə 5,9 milyard dollar təşkil edib.
Hesabatda qeyd olunur ki, Çin patent sayı, elmi nəşrlər və istinadlar üzrə lider mövqedə qalır. Ölkə yalnız ötən il 35 yeni patent əldə edib.
Məlumata görə, Türkiyə də son illər süni intellekt layihələrinə xüsusi diqqət ayırır. Yeni milli süni intellekt strategiyasının Qurban bayramından sonra ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Ekspertlər bildirirlər ki, süni intellekt artıq səhiyyə, kənd təsərrüfatı, nəqliyyat, enerji, müdafiə sənayesi, bank və maliyyə sektorlarında əsas dönüşüm vasitəsinə çevrilib.
Eyni zamanda, hökumətlər məlumat təhlükəsizliyi, şəxsi məxfilik, dezinformasiya və alqoritmik şəffaflıq kimi risklərə qarşı yeni hüquqi mexanizmlər hazırlayırlar. Bildirilir ki, 2016-cı ilə qədər G20 ölkələrində süni intellektlə bağlı heç bir qanun mövcud deyildisə, hazırda bu sahədə qəbul edilən qanunların sayı 150-yə çatıb.
Mənbə: TrtHaber
