Bugun.tv xəbər verir ki, Avropa Parlamenti rəqəmsal müstəqillik strategiyası çərçivəsində mühüm qərar qəbul edib. Bundan sonra qurumun kompüterlərində standart axtarış sistemi kimi Google əvəzinə Qwant istifadə olunacaq.
Avropa Parlamentinin açıqlamasına əsasən, dəyişiklik avtomatik tətbiq ediləcək. Bununla yanaşı, əməkdaşlar istədikləri halda başqa axtarış sistemlərini də seçə biləcəklər.
Qeyd olunur ki, qərar Avropa İttifaqının Avropadan kənar rəqəmsal xidmətlərdən asılılığı azaltmaq və yerli texnologiya həllərini təşviq etmək strategiyasının bir hissəsidir.
2013-cü ildə Fransada yaradılan Qwant istifadəçilərin şəxsi məlumatlarını izləməməsi və reklam məqsədilə məlumat toplmaması ilə tanınır. Bu xüsusiyyətlər onu məxfilik yönümlü axtarış sistemləri arasında önə çıxarır.
Hazırda Avropa Parlamentində 720 deputat, 8 400-dən çox əməkdaş və təxminən 2 000 parlament köməkçisi çalışır. Yeni qərar 10 mindən çox istifadəçini əhatə edəcək.
Məlumat üçün bildirək ki, Avropa Komissiyası da yarımkeçiricilər, süni intellekt, bulud texnologiyaları və açıq mənbə həlləri sahəsində xarici asılılığı azaltmağa yönəlmiş yeni planını təqdim edib.
Mənbə: TrtHaber
