Bugun.tv xəbər verir ki, Rusiya və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələr tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
TASS-ın məlumatına görə, bu barədə Kazanda keçirilən sammitin yekunlarına dair qəbul edilmiş birgə bəyannamədə bildirilib.
Sənədə əsasən, tərəflər maddi və qeyri-maddi mədəni irsin qorunması, bərpası və təşviqi istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Bu məqsədlə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar arasında təcrübə, bilik, bacarıq və texnologiyaların mübadiləsinin təşviq ediləcəyi qeyd olunub.
Bununla yanaşı, Rusiya və ASEAN ölkələri mədəniyyət üzrə ekspertlər, tədqiqatçılar və alimlər arasında fənlərarası əməkdaşlığın inkişaf etdirilməsi, elmi araşdırmaların dəstəklənməsi və birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.
Bəyannamədə həmçinin mədəniyyət və yaradıcı sənayelər sahəsində təhsil proqramlarının təşviqi, eləcə də mədəni irsin qorunması və innovativ yanaşmaların tətbiqinə yönəlmiş gənclər təşəbbüslərinin dəstəklənməsinin nəzərdə tutulduğu vurğulanıb.
Mənbə: TASS
