Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə sosial media hesabında Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri ilə bağlı paylaşım edib.
Ekspert bildirib ki, Səfəvilər Azərbaycan dövlətçiliyinin və milli kimliyinin formalaşmasında mühüm rol oynayan tarixi Azərbaycan imperiyasıdır. Onun sözlərinə görə, məhz Səfəvilər dövründə Azərbaycanın bütövlüyü təmin olunub və Azərbaycan xalqı tarixdə imperiya quraraq dövlətçilik ənənələrini gücləndirib.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Şah İsmayıl Xətainin irsi bu gün də Azərbaycanda yüksək qiymətləndirilir. O, Prezident İlham Əliyevin Bakıda Şah İsmayılın abidəsini yenidən bərpa etdiyini, həmçinin Şah İsmayıl Xətai adına hərbi ordenin və Bakıda onun adını daşıyan inzibati rayonun mövcud olduğunu xatırladıb.
Siyasi ekspert vurğulayıb ki, Səfəviləri yalnız dini məzhəb prizmasından İrana aid etmək cəhdləri tarixi reallığı əks etdirmir. Onun fikrincə, Səfəvilər dövləti Təbrizdə yaranıb, Ərdəbildə təşəkkül tapıb və Azərbaycan tarixinin ayrılmaz hissəsidir.
Əsədullazadə əlavə edib ki, bu gün Ermənistanın Qafqaz Albaniyasına, İranın isə Səfəvi irsinə sahib çıxmaq cəhdləri müşahidə olunur. O bildirib ki, Azərbaycan öz tarixi irsini qorumalı və Səfəvilərə tarixi dövlətçilik nümunəsi kimi yanaşmalıdır.
