Bugun.tv xəbər verir ki, Rusiyada məktəblərdə ərəb dilinin tədrisi üzrə proqram təsdiqlənib və yeni tədris ilindən etibarən qüvvəyə minəcək.
Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov məlumat verib. O, BƏƏ-nin təhsil naziri Sara bint Yusif Əl-Amiri və BƏƏ-nin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əlcabirin iştirakı ilə Şeyxa Fatimə bint Mübarək adına Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı keçirilən görüşdə çıxış edib.
Nazirin sözlərinə görə, Rusiyada artıq üç ildir ərəb dili üzrə məktəblilər arasında olimpiada təşkil olunur. Təsdiqlənmiş yeni proqram isə 2026-cı il sentyabrın 1-dən etibarən ölkə məktəblərində tətbiq ediləcək.
Sergey Kravtsov bildirib ki, nazirlik tərəfindən rus xalq nağılları, Rusiya haqqında kitab və rus yazıçılarının əsərləri ərəb dilinə tərcümə edilərək Birləşmiş Ərəb Əmirliklərinə təqdim olunub.
Nazir həmçinin qeyd edib ki, gələn tədris ilindən etibarən Rusiya məktəblərində informatika fənninin dərindən öyrənilməsi çərçivəsində “Süni intellekt” profili də tədris olunacaq.
Mənbə: mail.ru
