Yaponiyanın məşhur qida istehsalçısı Nissin Foods soyuq su ilə cəmi beş dəqiqəyə hazır olan ilk hazır əriştəsini təqdim edib. Şirkətin məlumatına görə, yeni Cold Cup Noodle məhsulu iyulun 20-dən etibarən Yaponiyada satışa çıxarılacaq.
Şirkət bildirir ki, məhsulun hazırlanması üzərində təxminən beş il işlənilib. Yeni əriştə xüsusi “cold restoration” (soyuq bərpa) texnologiyası sayəsində qaynar su əvəzinə soyuq suda şişərək elastik və hamar tekstura əldə edir. İstifadəçilər məhsulu sadəcə soyuducudan götürülmüş su ilə doldurub beş dəqiqə gözləməklə hazırlaya biləcəklər.
İlk mərhələdə məhsul iki çeşiddə təqdim olunacaq. Spicy Kimchi variantı toyuq bulyonu və fermentləşdirilmiş tərəvəzlərin acı-turş dadını özündə birləşdirir. Chicken & Salt Lemon çeşidi isə toyuq, bonito balığı, qurudulmuş sardina və limon aromatı ilə daha yüngül və təravətləndirici dad təqdim edir.
Nissin Foods hesab edir ki, yeni məhsul xüsusilə isti yay günlərində qaynar sudan istifadə etmədən sürətli yemək hazırlamaq istəyən istehlakçılar üçün əlverişli olacaq. Şirkət innovativ texnologiyanın gələcəkdə digər məhsullarda da tətbiq edilə biləcəyini istisna etmir.
Mənbə: mail.ru

