Alimlər acı bibərin həddindən artıq istehlakı ilə qida borusu xərçəngi arasında mümkün əlaqə aşkar ediblər.
Bugun.tv xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Araşdırmada yüksək miqdarda acı bibər qəbul edən insanların həzm sistemi xərçənglərinə, xüsusilə də qida borusu xərçənginə tutulma riskinin daha yüksək olduğu müəyyən edilib. Tədqiqat zamanı 11 mindən çox iştirakçının məlumatları təhlil olunub və ən çox acı bibər istehlak edən şəxslərdə qida borusu xərçəngi riskinin digərləri ilə müqayisədə xeyli yüksək olduğu bildirilib.
Bununla belə, tədqiqat müəllifləri nəticələrin acı bibərin birbaşa xərçəngə səbəb olduğunu sübut etmədiyini vurğulayıblar. Onların sözlərinə görə, müşahidə edilən əlaqəyə siqaret çəkmə, spirtli içki qəbulu, qidalanma vərdişləri və digər həyat tərzi amilləri də təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, hazırda ən böyük suallardan biri acı bibərin hansı miqdarda qəbulunun risk yaratmasıdır. Bu səbəbdən daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac olduğu qeyd edilir. Alimlər balanslı qidalanmanın qorunmasını və hər hansı qida məhsulunun həddindən artıq istehlakından çəkinməyi tövsiyə edirlər.
Mənbə: ScienceDaily

