Bugun.tv xəbər verir ki, UEFA-ya üzv olan 55 milli futbol assosiasiyası FİFA-nın Dünya Kubokunun kommersiya hüquqlarının bir hissəsinin ABŞ-da yerləşən özəl investisiya fondlarına satılması planına qarşı çıxıb. The Guardian nəşrinin məlumatına görə, təşkilat plan geri götürülməyəcəyi təqdirdə gələcəkdə FİFA-nın təşkil etdiyi yarışları boykot etməyə hazır olduğunu bəyan edib.
Məlumata əsasən, UEFA bu mövzu ilə bağlı keçirdiyi təcili iclasdan sonra yekdilliklə qərar qəbul edib. Avropa futbol qurumu yaxın günlərdə FİFA-ya rəsmi məktub göndərərək, satış planı tam ləğv edilməyəcəyi və təşkilatın yarışlarının gələcəkdə özəl mülkiyyətə açılmayacağına dair hüquqi təminat verilməyəcəyi halda UEFA-ya üzv ölkələrin FİFA turnirlərində iştirak etməyəcəyini bildirəcək.
UEFA prezidenti Aleksander Çeferinin rəhbərliyi ilə keçirilən iclasda bir sıra milli assosiasiyaların rəhbərləri çıxış edərək FİFA-nın təşəbbüsünə qarşı vahid mövqe nümayiş etdiriblər. İngiltərə Futbol Assosiasiyası da Avropa ölkələrinin mövqeyini dəstəklədiyini açıqlayıb.
Qeyd olunur ki, boykot qərarı qüvvədə qalacağı təqdirdə ilk təsir 2027-ci ildə keçiriləcək qadınlar arasında dünya çempionatı və digər FİFA turnirlərinə göstərə bilər.
The Guardian yazır ki, UEFA digər konfederasiyaları da bu mövqeyə qoşulmağa çağırıb. Məlumata görə, Şimali Amerika Futbol Konfederasiyası (CONCACAF) da FİFA-nın planına etiraz etsə də, boykotla bağlı yekun qərarını hələ açıqlamayıb.
Mənbə: The Guardian
