NASA kosmik prosessoru, HPSC, 500 dəfə sürətli çip, süni intellekt və kosmos, kosmik texnologiyalar, Mars missiyası, Ay missiyası, NASA JPL
Texnologiya

NASA 500 dəfə daha sürətli kosmik prosessoru sınaqdan keçirir

Bugun.TV xəbər verir ki, NASA-nın Jet Propulsion Laboratory (JPL) laboratoriyasında sınaqdan keçirilən yeni nəsil kosmik prosessoru hazırda kosmos missiyalarında istifadə olunan radiasiyaya davamlı çiplərdən təxminən 500 dəfə yüksək hesablama göstəricisi nümayiş etdirib. Söhbət High Performance Spaceflight Computing (HPSC) adlı sistemdən gedir.

Məlumata görə, HPSC adi kosmik kompüterlərdən xeyli güclü olmaqla yanaşı, ovuc içərisinə sığacaq ölçüdə hazırlanıb. Prosessorun əsas üstünlüklərindən biri onun kosmosun yüksək radiasiya, temperatur və digər sərt şəraitində işləmək üçün hazırlanmasıdır.

Yeni texnologiyanın gələcək kosmik missiyalarda mühüm dəyişikliklərə səbəb ola biləcəyi gözlənilir. Daha yüksək hesablama gücü kosmik aparatlara böyük həcmdə sensor və elmi məlumatı Yerə göndərməzdən əvvəl öz üzərində emal etməyə, süni intellekt və maşın öyrənməsi alətlərindən istifadə etməyə və müəyyən qərarları insan müdaxiləsi olmadan real vaxtda qəbul etməyə imkan verə bilər.

Bu xüsusilə Mars kimi uzaq hədəflərə göndərilən aparatlarda əhəmiyyətlidir. Məsələn, Yer ilə Mars arasındakı rabitədə siqnalın gedib-qayıtması 44 dəqiqəyədək çəkə bilər. Belə şəraitdə kosmik aparatın hər qərar üçün Yerdən göstəriş gözləməsi mümkün deyil.

NASA bildirir ki, HPSC layihəsinin məqsədi yalnız daha sürətli prosessor yaratmaq deyil. Sistem enerji sərfiyyatının idarə edilməsi, nasazlıqlara davamlılıq, süni intellekt, görüntü və siqnal emalı, obyektlərin aşkarlanması və digər mürəkkəb tapşırıqlar üçün nəzərdə tutulur.

Prosessorun JPL-də sınaqları 2026-cı ilin fevralında başlayıb. İlk sınaqlar zamanı komandanın prosessordan istifadə edərək “Hello Universe” mövzulu elektron məktub göndərməsi də texnologiyanın işlədiyini göstərən simvolik mərhələ kimi təqdim olunub.

NASA-nın məlumatına görə, HPSC gələcəkdə Ay, Mars və digər uzaq kosmik missiyalarda istifadə oluna bilər. Hazırda isə prosessorun tam kosmik sertifikatlaşdırılması üçün sınaqlar davam etdirilir.

Mənbə: NASA

Aynur Camal

Oxşar xəbərlər

Meta məhkəməni uduzarsa, Instagram və Facebook ciddi şəkildə dəyişə bilər

Aynur Camal

Çin humanoid robot bazarında qlobal tədarükün 97 faizindən çoxuna nəzarət edir

Aynur Camal

Telefonları öz-özünə idarə edən süni intellekt gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu