Süni intellektin kibertəhlükəsizlik sahəsində sürətlə yayılması texnologiya şirkətləri üçün yeni risklər yaradır. Microsoft-un baş icraçı direktoru Satya Nadella xəbərdarlıq edib ki, təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün proqram yeniləmələrinin tələsik tətbiq edilməsi sistemlərdə əlavə nasazlıqlara səbəb ola bilər.
Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Nadella Nyu-Yorkda keçirilən “The New York Times DealBook Summit” tədbirində çıxışı zamanı bildirib ki, süni intellekt alətləri proqram təminatındakı zəiflikləri çox sürətlə müəyyənləşdirir. Bu isə şirkətləri kibertəhlükələrdən qorunmaq üçün yeniləmələri mümkün qədər tez tətbiq etməyə məcbur edir.
Lakin yeniləmələrin kifayət qədər sınaqdan keçirilmədən istifadəyə verilməsi yeni proqram xətalarının yaranmasına və rəqəmsal sistemlərin qeyri-sabitləşməsinə gətirib çıxara bilər.
Microsoft-un son kəsintisi də müzakirə olunub
Nadellanın açıqlamaları Microsoft-un noyabrın 13-də baş vermiş genişmiqyaslı Outlook xidmət kəsintisindən bir neçə gün sonraya təsadüf edib. Hadisə Microsoft 365 xidmətlərindən istifadə edən milyonlarla istifadəçiyə təsir göstərib.
Şirkət rəhbəri həmin nasazlığı bir sıra amillərin üst-üstə düşməsi və əvvəlcədən aşkarlanmayan proqram xətası ilə əlaqələndirib. O, baş vermiş hadisəni “mükəmməl fırtına” kimi xarakterizə edib.
Nadellanın fikrincə, süni intellekt kibertəhlükələrin aşkarlanmasını sürətləndirsə də, şirkətlər təhlükəsizlik yeniləmələrini tətbiq edərkən sınaq və yoxlama mərhələlərinə kifayət qədər vaxt ayırmalıdırlar. Əks halda, rəqəmsal infrastrukturda fasilələrin artması riski yüksələ bilər.
Mənbə: Trt.haber
