Bugun.tv xəbər verir ki, Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib. Hadisə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və tanker hərəkətsiz vəziyyətə düşüb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumunun məlumatına görə, hadisə Oman ərazisində yerləşən Əş-Şişah bölgəsindən təxminən 9 dəniz mili şimal-şərqdə baş verib. Tankerin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu bildirib.
Zərbə nəticəsində mühərrik bölməsinə ciddi ziyan dəyib və gəmi fəaliyyət qabiliyyətini itirib. Hadisə zamanı ekipaj üzvlərinin hamısının təhlükəsiz olduğu bildirilib.
UKMTO hadisənin ətraf mühitə təsirinin hələlik məlum olmadığını açıqlayıb. Bölgədə hərəkət edən digər gəmilərə ehtiyatlı olmaq və şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisənin kim tərəfindən törədildiyi və tankerin hansı ölkəyə məxsus olduğu barədə hələlik məlumat açıqlanmayıb.
Mənbə: CNN
