Bugun.tv xəbər verir ki, Almaniyanın paytaxtı Berlinin Neukölln rayonunda İkinci Dünya müharibəsindən qalma təxminən 100 kiloqram ağırlığında bomba aşkarlanıb. Partlayıcı qurğu Weigandufer ərazisində kanal üzrə aparılan işlər zamanı tapılıb.
Polisin məlumatına görə, bomba kanalın dibində aparılan tikinti işləri zamanı, təxminən saat 10:40 radələrində üzə çıxarılıb. Təhlükənin aradan qaldırılması üçün hadisə yerinin ətrafında əvvəlcə 300, daha sonra isə 500 metr radiusunda təhlükəsizlik zonası yaradılıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5 600 yaşayış evindəki sakinlərdən ərazini tərk etmələri tələb olunub. Təxliyə olunanlar üçün yaxınlıqdakı məktəbdə müvəqqəti sığınacaq hazırlanıb. Təhlükəsizlik zonasına qocalar evi və digər sosial obyektlərin də düşdüyü bildirilib.
Bomba sudan çıxarılaraq üzən platformaya yerləşdirilib və daha sonra kran vasitəsilə sahilə çıxarılaraq zərərsizləşdirilməsi planlaşdırılıb.
Hadisə ilə əlaqədar Berlin polisi, yanğınsöndürmə xidməti və digər xilasetmə qurumları genişmiqyaslı əməliyyat həyata keçirib. Son məlumata görə, bomba müvəffəqiyyətlə zərərsizləşdirilib və təhlükəsizlik zonası ləğv olunub.
Berlin ərazisində İkinci Dünya müharibəsindən qalma partlayıcıların aşkarlanması hələ də vaxtaşırı baş verir.
Mənbə: Tagesschau
