Bugun.tv xəbər verir ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan arasında sülhün vacibliyi vurğulanıb, həmçinin 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sammitdən sonra əldə olunan irəliləyiş müzakirə edilib.
Qeyd olunub ki, həmin sammit zamanı Bakı və Yerevan birgə bəyannamə imzalayıb və sülh müqaviləsinin mətnini paraflayıb.
Nazirlər xüsusilə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsinə diqqət yetiriblər. Tərəflər ticarət və tranzit əlaqələrini sülhün praktik faydalarının nümunəsi kimi qiymətləndiriblər.
Görüşdə həmçinin müxtəlif çoxtərəfli platformalarda müsbət gündəmin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Məlumata görə, Ceyhun Bayramov və Ararat Mirzoyan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Mənbə: AnadoluAgentliyi
