Bugun.tv xəbər verir ki, Laosda Çinin yeni hərbi obyektində səkkiz ədəd yüngül hücum təyyarəsi aşkarlanıb. Bu barədə The Guardian kommersiya peyk şirkəti Vantor tərəfindən əldə olunan görüntülərə istinadən məlumat yayıb.
Peyk görüntülərində Laosun paytaxtı Vyentyandan təxminən 50 kilometr şimalda yerləşən Ban Keun hava limanında səkkiz təyyarənin və 12-dən çox hərbi texnikanın olduğu görünür. Təyyarələrin forması Çində istehsal olunan Hongdu JL-8 tipli təlim və yüngül hücum təyyarələrinə uyğun gəlir.
Çin sentyabrın 29-da Ban Keun hava limanında Laosla birgə “dəstək və təlim mərkəzi” açdığını açıqlamışdı. Pekin obyektin Laos Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlanmasına kömək edəcəyini və hər hansı üçüncü tərəfə qarşı yönəlmədiyini bildirib.

Məlumata görə, hava limanında son bir il ərzində genişmiqyaslı tikinti işləri aparılıb. Yeni binalar və asfalt uçuş-enmə zolağı yaradılıb, hazırda isə zolağın genişləndirilməsi ilə bağlı işlərin getdiyi bildirilir. Bu dəyişikliklər gələcəkdə daha iri təyyarələrin, o cümlədən bombardmançıların qəbuluna imkan verə bilər.
Təhlükəsizlik üzrə analitiklər obyektin Çinin Cənub-Şərqi Asiyanın materik hissəsində hava qüvvələri üçün ilk ciddi xarici dayaq məntəqəsi ola biləcəyini düşünürlər. Bununla yanaşı, ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu bazanın hazırda genişmiqyaslı döyüş əməliyyatları aparmaq imkanına malik olmadığını bildirir.
Mənbə: The Guardian
