Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanında Əbha və Kral Xalid beynəlxalq hava limanlarına həyata keçirilən hücumlar nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.
Əl-Cəzirənin məlumatına görə, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi hücumların çərşənbə axşamı və çərşənbə günləri iki hava limanının ərazisində baş verdiyini açıqlayıb.
Məlumata əsasən, Əbha Beynəlxalq Hava Limanına hücum zamanı Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həlak olub, 28 nəfər yaralanıb. Yaralananlar arasında Səudiyyə Ərəbistanı vətəndaşları ilə yanaşı, Banqladeş və Filippin vətəndaşları da olub.
Paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində isə Sudan vətəndaşı həyatını itirib, 8 nəfər yaralanıb. Yaralananlar arasında 5 Səudiyyə Ərəbistanı, 2 Misir və 1 Pakistan vətəndaşı var.
Bütün yaralıların hadisədən dərhal sonra xəstəxanalara çatdırıldığı bildirilib. Hücumlar nəticəsində hava limanlarında maddi ziyanın da yarandığı açıqlanıb.
Hücumları husilər öz üzərinə götürüb
Yəməndə fəaliyyət göstərən husilər hər iki hava limanına hücum etdiklərini açıqlayıblar. Qrupun hərbi sözçüsü Yəhya Səri Ər-Riyaddakı Kral Xalid hava limanının pilotsuz uçuş aparatları ilə, Əbha hava limanının isə ballistik raketlər və PUA-larla hədəf alındığını bildirib.
Eyni zamanda xatırladılıb ki, hücumlar Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında döyüşlərin kəskinləşdiyi bir vaxtda baş verib.
Mənbə: Aljazeera.Com
