Bugun.tv xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi İranla bağlı mümkün yeni hərbi əməliyyatlara hazırlıq görmək üçün ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) göstəriş verib.
“Axios”un mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Pentaqon CENTCOM-dan İrana qarşı mümkün hücumların davam etdirilməsi üçün hazırlıqları tamamlamağı istəyib. Lakin göstərişdə mümkün əməliyyatların başlanacağı konkret tarix və ya vaxt göstərilməyib.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın mümkün hücumların vaxtı ilə bağlı qiymətləndirmələri davam edir.
Hücumların hədəfləri açıqlanıb
ABŞ və İsraildən olan mənbələr mümkün hücumların ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən və İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl baş verə biləcəyini bildiriblər.
Mənbələrə görə, hərbi əməliyyatların davam etdirilməsi halında İranın enerji infrastrukturu və nüvə obyektləri də daxil olmaqla genişmiqyaslı hədəflərə zərbələr endirilə bilər.
Pentaqon rəsmisi Anadolu Agentliyinə açıqlamasında bildirib ki, nazirliyin vəzifəsi hərbi variantlar hazırlamaq və onları prezidentə təqdim etməkdir.
Ağ Ev rəsmisi isə “Axios”a açıqlamasında ABŞ-ın Hörmüz boğazının nəzarəti məsələsində güclü mövqedə olduğunu və Trampın bütün variantları nəzərdən keçirdiyini bildirib.
Məlumatda vurğulanır ki, Tramp hələ mümkün yeni hücumlarla bağlı yekun qərar verməyib.
Mənbə: TRT Haber
