Bugun.tv xəbər verir ki, İtaliyanın Sardiniya adasında yerləşən Bolotana kəndi uzunömürlülüyü ilə alimlərin diqqətini çəkib. Tədqiqatçılar kəndin xüsusilə qadınlar arasında yüksək ömür uzunluğu göstəricilərinə malik olduğunu müəyyənləşdiriblər.
The Guardian-ın məlumatına görə, 2021–2025-ci illər üzrə aparılan araşdırmada Bolotana kəndində 70 yaşına çatan qadınların 13,83 faizinin 100 yaşına qədər yaşadığı müəyyən edilib. Bu göstərici Bolotananı uzunömürlülük baxımından dünyada ən diqqətçəkən yaşayış məntəqələrindən birinə çevirir.
100 yaşa çatanların sayı diqqət çəkir
Bolotananın əhalisi təxminən 2 266 nəfərdir. 2025-ci ilin məlumatlarına əsasən, kənddə 12 yüz yaşlı insan yaşayıb və onların hamısı qadın olub. Onlardan ikisinin yaşı 102-dir.
Araşdırma zamanı 1900–1925-ci illər arasında doğulan sakinlər arasında 38 nəfərin 100 yaşına çatdığı da müəyyənləşdirilib.
Tədqiqatçılar Bolotananı hələ rəsmən “mavi zona” elan etməsələr də, kəndin uzunömürlülük baxımından potensial yeni zona olduğunu bildirirlər. Mütəxəssislər xüsusilə qadınların 70 yaşdan sonrakı həyat göstəricilərinin yüksək olmasını diqqətəlayiq hesab edirlər.
Uzun ömrün səbəbi nədir?
Alimlər Bolotana sakinlərinin niyə bu qədər uzun yaşadığını hələ dəqiq müəyyən etməyiblər. Bununla belə, kənddə güclü sosial münasibətlərin, fiziki aktivliyin, təbii mühitin və ənənəvi qidalanmanın uzunömürlülükdə rol oynaya biləcəyi ehtimal edilir.
Tədqiqatçılar daha uzunmüddətli müşahidələrə ehtiyac olduğunu və Bolotananın rəsmi uzunömürlülük “mavi zonası” hesab edilməsi üçün əlavə araşdırmaların aparılmalı olduğunu vurğulayırlar.
Mənbə: The Guardian
