Dünya

Qəzzaya hücumların üçüncü ilində dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları keçirilir

Bugun.tv xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına qarşı davam etdirdiyi hücumların üçüncü ili tamam olarkən dünyanın müxtəlif ölkələrində Fələstinə dəstək aksiyaları keçirilib.

Niderland, İngiltərə, Cənubi Afrika, Kolumbiya, Almaniya və Meksikada keçirilən aksiyalarda minlərlə insan Fələstin xalqına dəstəyini ifadə edib. İştirakçılar Qəzzadakı humanitar vəziyyətə diqqət çəkərək hücumların dayandırılması və bölgədə davamlı atəşkəsin təmin olunmasına çağırış ediblər.

Amsterdamda yürüş keçirilib

Niderlandın paytaxtı Amsterdamda yüzlərlə insan Dam meydanında toplaşaraq Fələstinə dəstək nümayiş etdirib. Fələstin bayraqları daşıyan iştirakçılar yürüş keçiriblər.

Aksiyanın gedişində polis və nümayişçilər arasında gərginlik yaranıb. Niderland mətbuatının məlumatına görə, polis müəyyən edilmiş marşrutdan kənara çıxıldığı üçün aksiyanı dağıdıb.

Londonda tələbələr Fələstinə dəstək verib

İngiltərənin paytaxtı Londonda King’s College, London School of Economics, University College London və School of Oriental and African Studies tələbələri Fələstinə dəstək məqsədilə yürüş keçiriblər.

Tələbələr Qəzzadakı hücumların dayandırılması tələbi ilə şüarlar səsləndiriblər. Aksiya zamanı Fələstin tərəfdarı tələbələrlə İsrail tərəfdarı qrup arasında qarşıdurma yaşanıb. Londonda keçirilən digər aksiyalarda da saxlanılanların olduğu bildirilib.

Cənubi Afrikada həlak olan uşaqlar yad edilib

Cənubi Afrikanın Keyptaun şəhərində yüzlərlə insan Qəzzada həyatını itirən fələstinli uşaqların xatirəsinə səssiz yürüş keçirib.

Yürüşdə həlak olan uşaqların adlarının yazıldığı təxminən 20 metrlik kəfən maketi nümayiş etdirilib. Yohannesburqda da yüzlərlə insan Qəzzadakı hücumlara etiraz edərək çağırışlar səsləndirib.

Berlin və Boqotada da aksiyalar keçirilib

Almaniyanın paytaxtı Berlində yüzlərlə insan Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün küçələrə çıxıb. Nümayişçilər Qəzzadakı hücumların dayandırılmasını və İsrailə silah tədarükünün dayandırılmasını tələb ediblər.

Kolumbiyanın paytaxtı Boqotada isə nümayişçilər İsrail səfirliyinin qarşısında toplaşaraq Qəzzadakı hücumlara etiraz ediblər. Onlar Kolumbiya hökumətinin İsraillə diplomatik və iqtisadi əlaqələri yenidən bərpa etməsinə də qarşı çıxıblar.

Meksikanın paytaxtı Mexikoda da Fələstin tərəfdarları İsrail səfirliyinin qarşısında aksiya keçirərək Qəzzada hərbi əməliyyatların dayandırılmasına və dərhal atəşkəs elan edilməsinə çağırıblar.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İran: Uranın zənginləşdirilməsi hüququmuzdan imtina etməyəcəyik

Aynur Camal

Tramp: 3 noyabrda keçiriləcək Konqres seçkilərinə qədər İrana hücum olmayacaq

Aynur Camal

Hava limanlarında pasportsuz elektron keçid sistemi tətbiq olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu