Bugun.tv xəbər verir ki, Fransa hökuməti məktəblərdə müəllim çatışmazlığı problemini azaltmaq məqsədilə 3 min əvəzedici müəllimi işə cəlb etməyə hazırlaşır. Tədbir ölkədə şagirdlərin müəllim çatışmazlığına qarşı keçirdikləri etirazlardan sonra elan edilib.
“Le Monde” qəzetinin oktyabrın 8-də yaydığı məlumata görə, Fransanın milli təhsil naziri Eduar Jefre oktyabrın 8-də təcili tədbirlər planını açıqlayıb. Plana əsasən, hazırda şagirdlərlə işləməyən 3 min əvəzedici müəllimin oktyabrın 9-dan 13-dək daha çox ehtiyac olan məktəblərə yönləndirilməsi nəzərdə tutulur.
Nazirliyin müəyyənləşdirdiyi 114 liseydə müəllimlərin əvəzlənməsi ilə bağlı vəziyyət kritik, daha 400 liseydə isə narahatedici hesab olunur. Fransada ümumilikdə təxminən 3 700 lisey var.
Bununla yanaşı, məktəblərdə qısa müddətli müəllim çatışmazlığını aradan qaldırmaq üçün əlavə dərs saatlarına görə ödənişlərin əvvəlcədən ayrılması planlaşdırılır. Nazirlik, həmçinin əlavə müqaviləli müəllimlərin işə götürülməsinə imkan yaradacağını bildirib.
Fransada müəllim çatışmazlığı şagird etirazlarının əsas tələblərindən birinə çevrilib. Lakin təhsil sahəsindəki həmkarlar ittifaqları yeni tədbirlərin problemin köklü həlli üçün kifayət etmədiyini düşünürlər.
Mənbə: Le Monde
