Bugun.tv xəbər verir ki, uzunmüddətli psixoloji gərginlik saçların tökülməsinə səbəb ola bilər. Bu barədə nevroloq, tibb elmləri namizədi Olqa Qolubinskaya “Gazeta.Ru” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, güclü emosional sarsıntılar, xroniki stress və nevrotik hallar saçların sağlamlığına mənfi təsir göstərə bilər. O qeyd edib ki, stress zamanı orqanizmdə baş verən dəyişikliklər, eləcə də bəzi qida maddələrinin mənimsənilməsinin pozulması saçların strukturuna təsir edə bilər.
Nevroloq bildirib ki, saç tökülməsinin səbəbini müəyyənləşdirərkən yalnız infeksion xəstəlikləri deyil, insanın psixoloji vəziyyətini də nəzərə almaq vacibdir. Gərginlik dəmirin mənimsənilməsinə təsir göstərərək saçların zəifləməsinə və dırnaqların kövrəkləşməsinə şərait yarada bilər.
Qolubinskayanın sözlərinə görə, stresslə əlaqəli saç tökülməsi zamanı düzgün müalicə saçların yenidən uzanmasına kömək edə bilər. Müalicə üsulu isə problemin səbəbindən və gərginliyin müddətindən asılı olaraq seçilməlidir.
Saç tökülməsi qəfil başlayarsa, nəzərəçarpacaq dərəcədə artarsa və ya müəyyən nahiyələrdə seyrəkləşmə yaranarsa, həkimə müraciət etmək tövsiyə olunur. Özbaşına dərman qəbul etmək əvəzinə problemin səbəbini müəyyənləşdirmək vacibdir.
Mənbə: Health Mail.ru
