Antigua və Barbuda dövlətinin ev sahibliyi etdiyi Birlik ölkələrinin hökumət başçılarının görüşündə 50-dən çox ölkənin liderinin iştirakı gözlənilir. Dörd gün davam edəcək toplantıda ticarət, iqlim dəyişiklikləri və qlobal iqtisadi çətinliklər müzakirə olunacaq.
Bugun.Tv xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Sammitdə iştirak edən ölkələr ümumilikdə təxminən 2,7 milyard insanı təmsil edir. Birlik Təşkilatının baş katibi Şirli Botçvey bildirib ki, müzakirələrin əsas istiqamətləri münaqişələr, iqtisadi sarsıntılar, yaşayış xərclərinin artması, iqlim dəyişiklikləri və ticarət maneələri olacaq.
Toplantıda üzv ölkələr arasında ticarətin genişləndirilməsi və xarici tariflərdən asılılığın azaldılması yollarının müzakirəsi nəzərdə tutulur. Həmçinin təxminən 10 milyon gəncin rəqəmsal bacarıqlarının inkişafı üçün fond yaradılması təklif edilir.
Enerji sahəsində fosil yanacaqlardan bərpaolunan mənbələrə keçidin dəstəklənməsi də gündəmdədir. Birliyin 56 üzvündən 49-nun okean sahilində yerləşməsi səbəbindən dəniz səviyyəsinin yüksəlməsi və iqlim təhlükələri xüsusi diqqət mərkəzində olacaq.
Mənbə: Associated Press
