ABŞ-ın bir neçə şəhərində Hellouin həftəsonu baş verən silahlı insidentlər nəticəsində azı altı nəfər həyatını itirib, onlarla insan yaralanıb. Ən ağır hadisələrdən biri Texas ştatının Dallas şəhərində qeydə alınıb.
Bugun.Tv xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Dallasın gecə həyatı və əyləncə məkanları ilə tanınan Deep Ellum bölgəsində baş verən bir neçə atışma nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb. Şəhər polisinin rəhbəri Deniel Komo bildirib ki, şənbə gecəsi təxminən bir saat 15 dəqiqə ərzində baş verən üç ayrı atışmanın bir-biri ilə əlaqəli olub-olmadığı hələ müəyyən edilməyib.
Alabama ştatının Birmingem şəhərində futbol oyununun ardından baş verən iki silahlı insidentdə bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Delaver ştatının Nyuark şəhərində universitet yaxınlığında altı nəfər güllələnib. İllinoys ştatının Bluminqton şəhərində isə bir qadın öldürülüb, daha bir neçə nəfər yaralanıb.
Polis bir sıra hadisələrlə bağlı araşdırmaları davam etdirir. Bəzi insidentlərin səbəbi və şübhəlilərin kimliyi hələ müəyyənləşdirilməyib.
Mənbə: France 24
