Rusiyanın Kalininqrad vilayətində tikintisi başa çatmaq üzrə olan böyük radar kompleksinin Avropanın geniş ərazisini izləmək imkanına malik ola biləcəyi bildirilir. Mütəxəssislər bu layihənin Rusiya ilə NATO arasında təhlükəsizlik gərginliyini artıra biləcəyini düşünürlər.
Bugun.Tv xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Nəşrin yazdığına görə, Qvardeysk şəhəri yaxınlığında inşa edilən kompleksin üç istiqamətə uzanan antenalarının hər birinin uzunluğu 500 metrdən çoxdur. Litvanın keçmiş hərbi komandiri və təhlükəsizlik üzrə ekspert Vaydotas Malinionis radarın təxminən 3 min kilometr məsafədə müşahidə aparmaq imkanına malik ola biləcəyini bildirib.
Onun sözlərinə görə, belə sistem Avropanın böyük hissəsini və Ukrayna ərazisini izləməyə imkan verə bilər. Radarın peyk rabitəsini ələ keçirmək, təyyarələrin hərəkətini və ballistik raketləri aşkar etmək potensialı da qeyd olunur.
Bununla belə, radarın tam işlək vəziyyətdə olub-olmadığı hələ məlum deyil. Rusiya hakimiyyəti də obyektin tikintisi ilə bağlı rəsmi təsdiq verməyib. Məlumatlar peyk görüntüləri və mütəxəssis qiymətləndirmələrinə əsaslanır.
Mənbə: Deutsche Welle
