Bugun.Tv xəbər verir ki, Kanadada südün şüşə və ya karton qablar əvəzinə plastik paketlərdə satılması turistlərin diqqətini çəkən maraqlı adətlərdən biridir. Xüsusilə Ontario əyalətində geniş yayılan bu qablaşdırma üsulunun tarixi 1970-ci illərə gedib çıxır.
2021-ci ildə yayımlanan məlumatlara görə, Ontario əyalətində satılan südün ən azı 75 faizi plastik paketlərdə qablaşdırılırdı.
Südün paketlərdə satılmasına nə səbəb olub?
Kanadada bu üsulun geniş yayılması ölkənin 1970-ci illərdə metrik ölçü sisteminə keçidi ilə əlaqələndirilir.
Həmin dövrdə süd əsasən şüşə butulkalarda satılırdı. Lakin şüşə qabların ağır olması, asanlıqla sınması və daşınma xərclərini artırması alternativ qablaşdırma üsullarının axtarılmasına səbəb oldu.
Südün litr ilə satılmasına başlanması plastik qab və karton qutu istehsalçılarının avadanlıqlarını yeniləməsini tələb edirdi. Plastik paketlər üçün nəzərdə tutulan doldurma sistemlərini isə yeni ölçülərə uyğunlaşdırmaq daha asan və ucuz başa gəlirdi.
Nəticədə bu üsul qısa müddətdə geniş yayıldı. 1978-ci ildə Ontario əyalətində dörd litrlik süd paketləri standartlaşdırıldı.
Paketdəki süd necə istifadə olunur?
Kanadada satılan dörd litrlik süd qablaşdırmasının daxilində üç ayrı plastik paket olur.
Südü istifadə etmək istəyənlər paketlərdən birini xüsusi qaba yerləşdirir və üst küncünü qayçı ilə kəsərək südü tökürlər. Bəzi insanlar südün daha rahat axması üçün paketin digər küncündə də kiçik deşik açırlar.
Paket açıldıqdan sonra yenidən bağlana bilmədiyi üçün südün qısa müddətdə istehlak edilməsi tövsiyə olunur.
Mənbə: Ensonhaber
