Macarıstanda keçmiş baş nazir Viktor Orbanın qardaşı Aron Orban qanunsuz insan daşınması və nüfuz alveri ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Hadisə ölkədə əvvəlki hakimiyyət dövründə baş vermiş mümkün korrupsiya hallarının araşdırıldığı bir vaxtda diqqət çəkib.
Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” agentliyi noyabrın 10-da məlumat yayıb.
Macarıstanın Baş naziri Peter Magyar Berlində çıxışı zamanı Viktor Orbanın qardaşı Aron Orbanın saxlanıldığını açıqlayıb. Ölkənin Milli Aktivlərin Mühafizəsi və Bərpası İdarəsi ilə polis tərəfindən Budapeşt və Peşt vilayətində keçirilən əməliyyat nəticəsində ümumilikdə dörd nəfər saxlanılıb, bir neçə ünvanda axtarış aparılıb.
İstintaqın məlumatına görə, şübhəli şəxslər 2024-cü ildə 100-dən çox Vyetnam vətəndaşına Macarıstanın diplomatik nümayəndəlikləri vasitəsilə viza və yaşayış icazəsi əldə etməyə kömək ediblər. Bunun müqabilində müraciət edənlərdən işə qəbul haqqı adı ilə pul alındığı və həmin vəsaitin iştirakçılar arasında bölüşdürüldüyü iddia olunur.
Polis saxlanılan şəxslərin adlarını açıqlamayıb. Aron Orbanın adını isə baş nazir Peter Magyar səsləndirib. İstintaq həmçinin bəzi şəxslərin siyasi əlaqələrdən istifadə edərək yaşayış icazələrinin alınmasına təsir göstərməyə çalışdığı ehtimalını araşdırır.
Keçmiş baş nazir Viktor Orban qardaşının saxlanılmasını siyasi qisas kimi qiymətləndirib. O, sosial şəbəkədə yaydığı açıqlamada əsl hədəfin özü olduğunu iddia edib.
Qeyd edək ki, araşdırma Macarıstanın əvvəlki hökumətinin 16 illik hakimiyyəti dövründə mümkün korrupsiya və vəzifədən sui-istifadə hallarının üzə çıxarılmasına yönəlmiş istintaq tədbirlərinin bir hissəsidir.
Mənbə: Reuters
