Bu gün, noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
1995-ci ilin bu günü müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib. Bu tarixi hadisədən 31 il ötür.
Bugun.tv xəbər verir ki, Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində mühüm mərhələ olub. Ölkənin əsas qanunu dövlətin idarəçilik sistemini, hakimiyyət qollarının fəaliyyət prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də dövlətlə cəmiyyət arasındakı münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirir.
Müstəqil Azərbaycanın Konstitusiya layihəsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanıb. Sənəd 12 noyabr 1995-ci ildə referendumda qəbul edilib, həmin ayın 27-də qüvvəyə minib.
Sonrakı illərdə ölkənin dəyişən ictimai-siyasi və hüquqi ehtiyacları nəzərə alınaraq Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə ümumxalq səsvermələri ilə dəyişikliklər və əlavələr edilib.
Konstitusiya yalnız dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən edən sənəd deyil. O, həm də hər bir vətəndaşın hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və cəmiyyətin hüquqi əsaslarla inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
12 noyabr ölkəmizdə müstəqil dövlətçiliyin hüquqi əsaslarının formalaşmasında mühüm yer tutan tarixi gün kimi qeyd olunur.
