Dünya

Noyabrın 17-də “rəqəmsal apokalipsis” olacaq?

Bugun.tv xəbər verir ki, sosial şəbəkələrdə noyabrın 17-də dünya üzrə bank sistemlərinə genişmiqyaslı haker hücumlarının həyata keçiriləcəyi, bank hesablarındakı pulların silinəcəyi və internetin üç ay müddətinə dayandırılacağı barədə iddialar yayılıb. Lakin kibertəhlükəsizlik mütəxəssisləri bu məlumatların heç bir etibarlı sübuta əsaslanmadığını bildirirlər.

“Новости Mail” nəşrinin noyabrın 16-da dərc etdiyi araşdırmaya görə, “rəqəmsal apokalipsis” adlandırılan bu şayiə oktyabrın 31-də “X” sosial şəbəkəsində “Wesley” adlı istifadəçinin paylaşımı ilə yayılmağa başlayıb. Müəllif məlumatı qaranlıq internetdən əldə etdiyini iddia etsə də, sonradan bunu təsdiqləyən heç bir sübutunun olmadığını etiraf edib.

Şayiələrin yayılmasına ABŞ-da noyabrın 17-nə planlaşdırılan Fövqəladə Xəbərdarlıq Sisteminin (EAS) sınağı da səbəb olub. Bu yoxlama televiziya və radio vasitəsilə xəbərdarlıq siqnalının işləkliyini yoxlamaq məqsədi daşıyır və internetin bağlanması və ya banklara hücumla əlaqəli deyil.

Kibertəhlükəsizlik mütəxəssisləri dünya üzrə bütün bankların eyni vaxtda sındırılmasının və qlobal internetin 90 gün ərzində dayandırılmasının real texniki əsasının olmadığını vurğulayırlar. İnternet minlərlə müstəqil şəbəkə, server və rabitə xəttindən ibarət olduğundan ayrı-ayrı sistemlərdə baş verən nasazlıqlar bütün dünya üzrə rabitənin dayanması demək deyil.

Məsələ ilə bağlı Azərbaycanda da açıqlama verilib. Milli Kibertəhlükəsizlik Mərkəzi Oxu.Az-ın sorğusuna cavabında qurumun adi iş rejimində fəaliyyət göstərdiyini, bütün proseslərin gecə-gündüz nəzarətdə saxlanıldığını bildirib. Açıqlamada noyabrın 17-si ilə əlaqədar xüsusi rejim tətbiq edilmədiyi vurğulanıb.

Mütəxəssislər vətəndaşlara güclü və fərqli parollardan istifadə etməyi, iki mərhələli təsdiqləməni aktivləşdirməyi və şübhəli keçidlərdən uzaq durmağı tövsiyə edirlər. Xüsusilə panikadan istifadə edərək insanları pullarını “təhlükəsiz hesablara” köçürməyə çağıran dələduzlara qarşı diqqətli olmaq lazımdır.

Beləliklə, 17 noyabrda qlobal internetin bağlanacağı və bank hesablarının sıfırlanacağı barədə yayılan məlumatların təsdiqlənmiş əsası yoxdur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər artıq çəkiyə qarşı faydalı ola biləcək qara çay növünü müəyyən ediblər

Aynur Camal

BMT-dən avtonom silah sistemlərinə qarşı hüquqi məhdudiyyətlərin tətbiqi çağırışı

Aynur Camal

Roma Papası ədalət tələb etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu