Yaponiyada aparılan genişmiqyaslı araşdırma dişlərin sayının azalması ilə demensiya riski arasında əlaqə olduğunu üzə çıxarıb. Tədqiqatçılar ağız boşluğunun sağlamlığının qorunmasının yalnız diş və diş əti problemlərinin qarşısının alınması baxımından deyil, yaşlı insanların ümumi sağlamlığı üçün də əhəmiyyətli ola biləcəyini bildirirlər.
Bugun.tv xəbər verir ki, “Mail.ru” da diş itkisi və demensiya arasındakı mümkün əlaqəyə diqqət çəkib. Bu barədə stomatoloq Samvel Apresyanın açıqlaması yayılıb.
Yaponiya Tohoku Universitetinin tədqiqatçıları 65 yaşdan yuxarı təxminən 48,5 min insanın məlumatlarını doqquz il ərzində təhlil ediblər. Nəticələrə görə, heç bir dişi qalmayan şəxslərdə demensiya riski 20 və daha çox dişi olanlarla müqayisədə 27 faiz yüksək olub.
Nəticələr səbəb-nəticə əlaqəsini sübut etmir
Araşdırma 2013–2022-ci illəri əhatə edib. Bu müddətdə iştirakçılardan 8 240 nəfərdə demensiya qeydə alınıb. Alimlər nəticələrin diş itkisinin mütləq demensiyaya səbəb olduğunu sübut etmədiyini, yalnız statistik əlaqəni göstərdiyini vurğulayırlar.
Mütəxəssislər diş sağlamlığının qorunmasını, müntəzəm stomatoloji müayinələri və çeynəmə funksiyasına diqqət yetirilməsini tövsiyə edirlər.
Mənbə: Mail.ru
