ABŞ-ın strateji limanları, neft tankerləri və iri gəmiçilik şirkətləri kiberhücum cəhdlərinin artması ilə üzləşib. Mütəxəssislər bu hücumların beynəlxalq ticarətə və enerji təchizatına ciddi təhlükə yarada biləcəyindən narahatdırlar.
Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi noyabrın 23-də məlumat yayıb.
Agentliyin “Financial Times”a istinadən yaydığı xəbərə görə, Texas ştatında yerləşən və ABŞ-ın ən böyük xam neft ixrac mərkəzi olan Korpus-Kristi limanının kompüter şəbəkələrinə hər gün yüzlərlə, bəzi hallarda isə minlərlə hücum cəhdi edilir. Liman gündəlik təxminən 2,3 milyon barel xam neft ixrac edir.
Hakerlər sistemlərə daxil olmaq üçün şəbəkələrdəki zəiflikləri araşdırır, eləcə də əməkdaşları aldatmaq məqsədilə saxta mesajlardan istifadə edirlər. Mütəxəssislər hücumların bir qismini cinayətkar qruplarla, digərlərini isə müxtəlif dövlətlərlə əlaqəli şəbəkələrlə bağlayırlar. Bununla belə, hücumların mənbəyini dəqiq müəyyənləşdirmək hər zaman mümkün olmur.
Süni intellekt təhlükəni artıra bilər
Mütəxəssisləri narahat edən əsas məqamlardan biri də süni intellektin kibercinayətkarların imkanlarını genişləndirməsidir. Bu texnologiyalar kompüter sistemlərindəki boşluqları daha sürətlə aşkar etməyə və hücumları avtomatlaşdırmağa kömək edə bilər. ABŞ Federal Təhqiqatlar Bürosu da hakerlərin kiberhücumları avtomatlaşdırmaq üçün süni intellekt alətindən istifadə etdiyini bildirib.
Nyu-York və Nyu-Cersi Liman İdarəsi kibertəhlükəsizlik tədbirlərinə əlavə vəsait ayırdığını açıqlayıb. Korpus-Kristi limanı isə Vaşinqtondan əlavə dəstək istədiyini bildirib.
Mütəxəssislərin fikrincə, limanların rəqəmsal sistemlərinə uğurlu müdaxilə yük daşımalarının gecikməsinə, enerji ixracının pozulmasına və beynəlxalq ticarətdə ciddi problemlərə səbəb ola bilər.
Mənbə: AnadoluAgentliyi
