İstanbulun ən məşhur tarixi abidələrindən biri olan Ayasofyanın yeraltı hissəsində aparılan bərpa və təmizləmə işləri zamanı əsrlər boyu torpaq və lil altında qalmış tunellər və otaqlar üzə çıxarılıb. Mütəxəssislər indiyədək təxminən 420 metr uzunluğunda tunel xəttini təmizləyib, altı yeraltı sahə və doqquz tunel müəyyən ediblər.
Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi noyabrın 21-də məlumat yayıb.
Ayasofyanın elmi şurasının üzvü, professor Əhməd Güləcin sözlərinə görə, bəzi tunel və otaqlar Roma dövrünə aid ola bilər. Həmin tikililərin sonrakı əsrlərdə də müxtəlif məqsədlərlə istifadə edildiyi ehtimal olunur.
Təmizləmə işləri zamanı yeraltı sahələrdən təxminən 1000 kubmetr, başqa sözlə, 3000 tona yaxın torpaq, lil və tikinti qalıqları çıxarılıb. Bu materiallar illər ərzində ərazilərin üzərinə dolmuş və bəzi tarixi məkanları görünməz etmişdi.
Tunellərdən biri Bazilika Sarnıcına doğru uzanır
Araşdırmalar zamanı cənuba doğru istiqamətlənən tunellərdən birinin İstanbulun məşhur tarixi su anbarı olan Bazilika Sarnıcına doğru getdiyi müəyyən edilib. Həmin tuneldə təxminən 3 faizlik maililik mövcuddur və orada hələ də su axını müşahidə olunur.
Alimlər suyun mənbəyinin təbii yeraltı bulaq, yaxud şəhərin qədim su təchizatı şəbəkəsi ilə əlaqəli ola biləcəyini araşdırırlar. Tunellərin Konstantinopolun qədim Roma yolları ilə əlaqəsi də öyrənilir.
Mütəxəssislər yeraltı sahələrin gələcəkdə ziyarətçilər üçün açılması ehtimalını istisna etmirlər. Lakin bunun üçün təhlükəsizlik, havalandırma və qorunma məsələlərinin həll edilməsi, əlavə tədqiqatların aparılması tələb olunur. Hələlik bu barədə yekun qərar verilməyib.
Mənbə: Anadolu Agentliyi
