İstanbulun Sarıyer rayonunda aslan olduğu ehtimal edilən heyvanın görünməsi sakinlər arasında narahatlıq yaradıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdən sonra ərazidə axtarış və təhlükəsizlik tədbirlərinə başlanılıb.
Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 22-də axşam saatlarında Sarıyer rayonunun Uskumruköy məhəlləsində baş verib. Vətəndaşın aslan gördüyü barədə müraciətindən sonra jandarma, Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin, eləcə də Sarıyer bələdiyyəsinin əməkdaşları əraziyə cəlb olunublar.
Təhlükəsizlik kameralarının görüntülərini araşdıran mütəxəssislər aslana bənzəyən heyvanı müəyyən ediblər. İlkin axtarış zamanı heyvan tapılmadığından əraziyə termal kameralarla təchiz edilmiş əlavə qruplar göndərilib.
Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin açıqlamasına əsasən, aparılan araşdırmalar nəticəsində heyvanın meşəlik ərazidə olduğu müəyyənləşdirilib. Hazırda mütəxəssis baytarların da iştirak etdiyi qrup onun təhlükəsiz şəkildə tutulması üçün tədbirləri davam etdirir.
Ərazidə yaşayan sakinlərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Heyvanın haradan gəldiyi barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Mənbə: Anadolu Agency
