Avropa İttifaqında güclü antibiotiklərə davamlı Klebsiella pneumoniae bakteriyasının törətdiyi qan dövranı infeksiyalarının sayı sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu tendensiyanın səhiyyə sistemləri üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Bugun.tv xəbər verir ki, ÜST-nin açıqladığı göstəricilərə əsasən, Avropa İttifaqında karbapenem qrupuna daxil olan güclü antibiotiklərə davamlı bu bakteriyanın törətdiyi qan dövranı infeksiyalarının göstəricisi 2025-ci ildə 2019-cu illə müqayisədə 72 faiz artıb.
Karbapenemlər adətən ağır bakterial infeksiyaların müalicəsində istifadə olunan antibiotiklərdir. Bakteriyaların bu dərmanlara davamlılıq qazanması müalicə imkanlarını məhdudlaşdırır və xəstələr üçün riski artırır.
Bəzi ölkələrdə davamlılıq səviyyəsi daha yüksəkdir
ÜST-nin Avropa regionu üzrə məlumatlarına görə, hesabat təqdim edən 43 ölkədən 10-da qeydə alınmış Klebsiella pneumoniae nümunələrinin ən azı yarısı karbapenemlərə davamlıdır. Bu göstəricilər Avropada antibiotiklərdən istifadəyə və infeksiyaların nəzarətdə saxlanılmasına daha ciddi yanaşmağın vacibliyini göstərir.
Mütəxəssislər antibiotiklərin yalnız tibbi göstəriş əsasında qəbul edilməsinin və xəstəxanalarda infeksiyaya nəzarət tədbirlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayırlar.
Mənbə: mail.ru
