Küveytdə hərbi obyektlərdən birinə pilotsuz uçuş aparatları ilə hücum zamanı iki İtaliya vətəndaşı həlak olub. Ölənlərin Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall”ın İtaliya bölməsində çalışan mülki texniki mütəxəssislər olduğu açıqlanıb.
Bugun.tv xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tacani bildirib ki, mütəxəssislər Küveytdə hava hücumundan müdafiə sisteminin müşahidə məntəqəsində işləyərkən obyekt pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Küveyt Müdafiə Nazirliyi ölkənin hava məkanında bir neçə pilotsuz uçuş aparatının aşkarlandığını və onlara qarşı tədbir görüldüyünü təsdiqləyib. Hücum nəticəsində dörd nəfər yaralanıb. Onlardan ikisi sonradan xəstəxanada vəfat edib. Digər yaralılar Küveyt hərbçisi və Pakistan vətəndaşıdır.
Hadisə nəticəsində hərbi obyektə də maddi ziyan dəyib. İran Xarici İşlər Nazirliyi isə Reuters-in sorğusuna dərhal cavab verməyib.
Bu hadisə İranla ABŞ-ın müttəfiqi olan Körfəz ölkələri arasında gərginliyin daha da artması ilə bağlı narahatlıqları gücləndirib.
Mənbə: Reuters
