Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə materialları istehsalını genişləndirməli və taktiki nüvə silahlarından müxtəlif hərbi istiqamətlərdə istifadə imkanlarını artırmalı olduğunu bildirib.
Bugun.tv xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi noyabrın 26-da Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.
Kim Çen In noyabrın 25-də nüvə materiallarının istehsalı ilə məşğul olan obyektlərə, nüvə enerjisi ilə əlaqəli avadanlıq müəssisəsinə və Nüvə Silahları İnstitutuna baş çəkib.
Şimali Koreya lideri ölkənin nüvə arsenalının gücləndirilməsi üçün istehsal imkanlarının sistemli şəkildə artırıldığını bildirib. O, taktiki nüvə silahlarının müxtəlif əməliyyatlarda və fərqli hərbi məqsədlər üçün tətbiqinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Səfər zamanı obyektlərin dəqiq yerləşdiyi ərazilər açıqlanmayıb. Şimali Koreya dövlət mediası isə bu istehsal müəssisələrinin ölkənin nüvə strategiyasının inkişafı baxımından əhəmiyyətini önə çəkib.
Bu açıqlamalar Pxenyanın nüvə proqramını genişləndirmək niyyətindən geri çəkilmədiyini göstərir.
Mənbə: en.yna.co.kr/view
